Təsərrüfat şöbəsi
Şöbə kollecin maddi-texniki bazasının qorunmasını, təchizatını, müasir standartlara uyğun yenidən qurulmasını və satınalmaların təyinatı üzrə istifadəsini təmin edir. Kollecin balansındakı daşınan və daşınmaz əmlaka cavabdehdir. Əməyin mühafizəsi, yanğından mühafizə və təxliyə planları üzrə tələblərə əməl olunmasına nəzarət edir.
Şöbə haqqında
Şöbənin əsas səlahiyyətləri
- Təsərrüfat mal-materiallarının və avadanlıqların qorunmasını, bərpasını və yenilənməsini, eləcə də xidmət sahələrinin təmizliyini təmin edir.
- Kollecin əsas fondlarının (su təchizatı, istilik sistemi, qazanxanalar, işıqlandırma və s.) cari və əsaslı təmiri planını hazırlayır, təsərrüfat xərclər smetasını tərtib edir.
- Təsərrüfat xidməti üzrə müqavilələrin bağlanmasını, dəftərxana və inventarların alınmasını və saxlanılmasını təşkil edir, struktur bölmələrini avadanlıqla təmin edir.
- Kadrların seçilməsi, həvəsləndirilməsi və inzibati tənbehi barədə rəhbərliyə təkliflər verir.
- Maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə təkliflər verir, inventarizasiyanın aparılmasını və əmlakın dəyərinin mühasibatlıqla birlikdə hesablanmasını təşkil edir.
- Satınalma planlarını tərtib edir, kənar şəxslərin yazılı icazəsiz tədris korpuslarına və inzibati sahələrə daxil olmasını məhdudlaşdırır, qanun pozuntuları barədə rəhbərliyə və hüquq-mühafizə orqanlarına məlumat verir.
- Maddi-texniki bazanı “payız-qış” mövsiminə hazırlayır, istilik, kommunal və enerji təchizatının fasiləsizliyinə nəzarət edir, cari və rüblük sərfiyyat hesabatını aparır.
Əməkdaşlar
Təhsil
Abbaslı Elsevər Həsən oğlu 1966-cı ildə ziyalı ailəsində anadan olmuşdur. 1974–1984-cü illərdə Lvov və Bakı şəhərlərində, eləcə də Respublika Olimpiya Ehtiyatları Liseyində orta təhsil almışdır.
Bakı Sənaye-Pedaqoji Texnikumunu texnik-mexanik ixtisası üzrə bitirmiş, Rusiya Federasiyasının Volqoqrad Dövlət Bədən Tərbiyəsi İnstitutunda boks üzrə ali məşqçilik, Volqoqrad Dövlət Bədən Tərbiyəsi Akademiyasında isə bədən tərbiyəsi və idman istiqamətində ali təhsil almışdır.
Əmək və hərbi fəaliyyəti
SSRİ Ordusunda hərbi xidmətini Əfqanıstan Demokratik Respublikasında keçirmişdir. 1991-ci ildə Qarabağ döyüşlərində könüllü iştirak etmiş, “Qarabağ Şahinləri” hərbi hissəsinin kəşfiyyat komandiri və konvoy qoşunları batalyonunun komandiri kimi xidmət etmişdir. 1993-cü ildə Ağdam rayonunun müdafiəsi uğrunda döyüşlərdə ağır yaralanmışdır.
Əmək fəaliyyətinə 1991-ci ildə Bakı Sənaye-Pedaqoji Texnikumunda başlamışdır. Müxtəlif illərdə müəllim, tələbə yataqxanasının komendantı, bədən tərbiyəsi rəhbəri, təsərrüfat müdiri və təsərrüfat şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Hazırda ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Təsərrüfat şöbəsi müdirinin müavini vəzifəsində fəaliyyət göstərir.
İdman və məşqçilik fəaliyyəti
1971-ci ildən idman gimnastikası, 1974-cü ildən isə boks idman növü ilə məşğul olmuşdur. Lvov şəhər, Ukrayna və SSRİ çempionatlarının, SSRİ Xalqlarının Spartakiadasının qalibi olmuş, “SSRİ İdman Ustası” adına layiq görülmüşdür.
1991-ci ildən pedaqoji fəaliyyəti ilə yanaşı, müxtəlif idman klublarında məşqçi və baş məşqçi kimi çalışmışdır. Məşqçilik fəaliyyəti ərzində 30-a yaxın Azərbaycan çempionu, 6 Avropa və 4 dünya çempionatının mükafatçısını, eləcə də hərbçilər arasında dünya çempionunu yetişdirmişdir. Yetirmələri arasında Rüfət Hüseynov, Elşən İsmayılov, Məcid Camalov, Rövşən Eyvazov, Kənan Qədimov və İntiqam Rüstəmov kimi idmançılar yer alır.
Dövlət təltifləri və fəxri adları
Hərbi xidmətinə, döyüşlərdə göstərdiyi şücaətə və idman sahəsindəki xidmətlərinə görə bir sıra dövlət təltiflərinə və fəxri adlara layiq görülmüşdür:
-
“Qırmızı Bayraq” ordeni;
-
“SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə” ordeni (II dərəcəli);
-
“İgidliyə görə” medalı;
-
“Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adı;
-
“Azərbaycan Respublikasının Əməkdar məşqçi-müəllim” fəxri adı;
-
“Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı.
İxtisasartırma və elmi fəaliyyət
Peşəkar bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif təlim və ixtisasartırma proqramlarında iştirak etmişdir. 2010-cu ildə Microsoft Office proqramları, 2012-ci ildə beynəlxalq dərəcəli məşqçi-müəllim (I dərəcə), 2024-cü ildə isə satınalmalar üzrə mütəxəssis sertifikatları əldə etmişdir.
Elmi fəaliyyəti çərçivəsində Rusiya Federasiyasının Volqoqrad Dövlət Bədən Tərbiyəsi Akademiyasının “İdman panoraması” jurnalında 7 elmi məqaləsi dərc olunmuşdur. “Kiçik yaşlı məktəblilərin bədən tərbiyəsi təlimi metodlarının əsasları” adlı dərs vəsaiti akademiyanın “Fiziki tərbiyə” kafedrasında tədris olunur.